“Qəbələ” 3-1 “Neftçi”
(Tellur Mütəllibov, 18; Elsevər Bəkirzadə, 38; Şəhriyar Xəlilov, 84 // Fəhmin Muradbəyli, 62)
Əvəzedicilər çempionatının XII turunda “Qəbələ” doğma meydançada “Neftçi”ni qəbul etdi. Ötən iki turu qələbə ilə yekunlaşdıran Luis Araqonun yetirmələri bu matça da iddialı çıxmışdılar.
Qarşılaşma meydan sahiblərinin hücumları ilə start götürdü. Rəqib müdafiəsini təzyiq altında saxlayan və bütün xətlərdə üstünlüyü ələ keçirən “Qəbələ” 18-ci dəqiqədə hesabı açdı. Tellur Mütəllibov əlinə düşən şansdan maksimum yararlandı – 1:0. Hücumlarını səngitməyən meydan sahibləri 20 dəqiqə sonra paytaxt təmsilçisini bir daha meydançanın mərkəzinə dəvət etdi. Bu dəfə Elsevər Bəkirzadə qonaqları məyus etdi və ilk hissənin hesabını müəyyənləşdirdi – 2:0.
İkinci hissəyə nisbətən fəal başlayan “Neftçi” 62-ci dəqiqədə hesab arasındakı fərqi azaltdı. Fəhmin Muradbəyli komandasını ümidləndirdi – 2:1. “Qəbələ”nin bu qola cavabını 22 dəqiqə gözləmək lazım gəldi. Şəhriyar Xəlilov dəqiq zərbə ilə topu tora göndərdi – 3:1. Bu qarşılaşmada vurulan son qol oldu və “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanmaqla ilk altılıqdakı yerini möhkəmləndirdi.