Əvəzedicilərdən əzmkar qələbə
Xəbərlər / 27 Aprel 2013 | 13:59304
Əvəzedicilər çempionatının XXVIII turuna yekun vurulub. Hesabat turunda "Qəbələ" doğma divarlar arasında "Qarabağ"ı qəbul edib.
Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissəyə meydan sahibləri daha fəal başlasalar da, hesabı qonaqlar açıb. 66-cı dəqiqədə Tural İskəndərov penalti zərbəsini dəqiq yerinə yetirib və komandasını irəli çıxarıb. Qoldan sonra toparlanan "Qəbələ" qısa müddətdə hesaba tarazlıq gətirib. 3 dəqiqə sonra Rey Məmmədbəyli status-kvonu bərpa edib - 1:1. Hücumlarının kəsərini artıran "qırmızı-qaralar" 85-ci dəqiqədə qonaqları bir daha meydançanın mərkəzinə dəvət edib. Amil Yunanov dəqiq zərbə ilə görüşün hesabını müəyyənləşdirib - 2:1. Bu qələbə ilə xallarının sayını 49-a çatdıran "Qəbələ" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.