Azərbaycanı və "Qəbələ"ni Peşəkar boksda təmsil edən Fariz Məmmədov IBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda dekabrın 14-də Qəbələ Olimpiya İdman Kompleksində almaniyalı döyüşçü Matias Pelklə üz-üzə gələcək. Avropa boks ictimaiyyətinin diqqət mərkəzində olan döyüş öncəsi paytaxtda “Qafqaz Point” otelində hər iki boksçunun iştirakı ilə mətbuat konfransı keçirilib.
Döyüşün promoteri Yaşar Niftəliyev bildirib ki, hər iki boksçunu gərgin və məsuliyyətli döyüş gözləyir. Görüşün önəmindən bəhs edən Niftəliyev Azərbaycan tarixində ilk dəfə 2 kəmər uğrunda döyüş təşkil olunduğunu bildirib. Rəqiblər haqqında məlumat verən promouter Pelkin daha öncə keçirdiyi 20 döyüşün hamısını qələbə ilə başa vurduğunu, bunlardan 11-də nokaut qeydə alındığını deyib. Məmmədov isə 16 döyüşdən 14-də qalib gəlib, 1-də uduzub, 1 görüşdə isə heç-heçə qeydə alınıb. Niftəliyevin sözlərinə görə, boksçumuz böyük fasilədən sonra rinqə qayıtsa da, keçirdiyi hər 3 döyüşü qələbə ilə başa vurub: “Fariz bu kəmərləri qazansa, onun gələcəyini çox gözəl görürəm. Hər bir ölkənin dünya çempionu var. Amma Azərbaycanda bu, yoxdur. İstərdim ki, Farizin də adı dünya çempionları siyahısında olsun”.
Matias Pelkin atası və məşqçisi Piter Pelk çıxışı zamanı fəaliyyətlərindən bəhs edib. Məşqçi təşkilatçılığa görə təşəkkürünü bildirib və ölkəmiz haqda təəssüratlarını bölüşüb: “İBF və WBO versiyaları üzrə dünya çempionatlarında, Almaniya çempionatında yerlər tutmuşuq. Bakı müasir şəhər təsiri bağışlayır. Qəbələdə də eyni mənzərə ilə üzləşəcəyimizə və döyüşün layiqli mübarizə şəraitində keçəcəyinə inanıram”.
Matias Pelk isə Azərbaycanda olmaqdan və qarşılanmasından məmnunluq ifadə edib. O, döyüşə böyük marağın olduğunu deyib. Özü barədə məlumat verən Pelk 2004-cü ildən peşəkar boksla məşğul olduğunu bildirib. Almaniyalı boksçu həm də məşqçi kimi çalışdığını, eləcə də təhlükəsizlik şirkətində işlədiyini söyləyib. Pelk Məmmədovu güclü boksçu kimi dəyərləndirib: “Hər bir boksçunu öncədən analiz edirik. Onun döyüşlərini izləmişik və üslubuna bələdik. Belə döyüşlərdən öncə rəqibin üslubuna uyğun boksçu ilə sparrinq keçiririk. Mənim çoxlu boks əlaqələrim var. Farizlə eyni üslubda döyüşən 10-12 boksçu ilə görüşmüşəm. Taktikam da var, amma açıqlamaq istəmirəm. Rəqibimi çox yaxşı tanıyıram. Azərbaycanda döyüşmək məni qətiyyən narahat etmir və mane olmur. Həvəskar boksla çıxış etdiyim vaxtlarda Almaniyadan kənarda xeyli döyüş keçirmişəm. O vaxtdan öyrəşmişəm ki, publika əleyhimə olsa belə, bu, məni rəqibimi yenməyə daha da həvəsləndirir. Doğma divarlar arasında vuruşmağı çox sevirəm. Publikanın nə qədər dəstək verdiyindən də xəbərdaram. Amma yaşayarıq, görərik. Lakin çox maraq gördüyüm azərbaycanlı azarkeşlərin əleyhimə olacaqlarına inanmıram. Ola bilsin, onların döyüş üslubumdan xəbəri yoxdur. Çalışacağam ki, burada gözəl döyüşlə özümə azarkeş ordusu cəlb edim və onların ürəyinə yol tapım”.
İdmançı ailəsində doğulduğunu deyən Pelk hələ uşaq yaşlarından boksla məşğul olduğunu bildirib: “Uşaq ikən həmyaşıdlarım qaçdı-tutdu oynayanda mən idman məktəblərinə gedirdim. Boks elə bir idman növüdür ki, rəqibindən qorxan gərək bu növlə məşğul olmasın. Mən bütün rəqiblərimə, hətta birgə məşqə çıxdıqlarıma da hörmətlə yanaşıram. Döyüşə hazırlaşarkən, rəqibin gücünü nəzərə almamaq məğlubiyyətlə yekunlaşır. Nə olacağını döyüş göstərəcək. Publika özünü sakit aparsa, çox gözəl döyüş olacaq. Öz gücümə əminəm və bunu özündənrazılıq kimi qəbul etməyin. Gücümə əmin olmasaydım, döyüşdə iştirak etməzdim”.
Məmmədovun məşqçisi Lazaro Himenes Martines döyüşə yaxşı hazırlaşdıqlarını və qələbə üçün hərtərəfli imkanlarının olduğunu söyləyib: “Mən düşünürəm ki, çox yaxşı döyüş olacaq. Məmmədovun qələbə üçün yaxşı şəraiti var. “Qəbələ” klubu rəhbərliyinə və Almaniyadan bura gələnlərə təşəkkür edirəm”.
Daha sonra boksçumuz Fariz Məmmədov döyüşöncəsi fikirlərini açıqlayıb. O, iki versiya üzrə döyüşmək imkanı yaratdığına görə İBF və WBO-nun rəhbərliyinə minnətdarlıq edib: “Bu, mənim çoxdankı arzumdur. Onlar da məni bu döyüşə layiq biliblər. 9 ildir 12 raundluq döyüşmürəm. Rəqibim güclüdür. Onunla döyüşməyi özümə stimul bilirəm. Çünki belə döyüşçülərlə qarşılaşmaq boksçuya çox şey qazandırır. Hər bir boksçu rinqə qələbə üçün çıxır. Bu, hər bir idmançının niyyətidir. Mən bütün idmançılardan fərqlənirəm. Məmmədovun qalib olmamağa haqqı yoxdur”.
Fiziki durumunu düzəltmək üçün iki həftə Qəbələdə çalışdığını deyən Məmmədov daha 6 həftə Ukraynada məşq etdiyini bildirib. Ümumilikdə 11 həftəlik hazırlığın yekununda o, karyerasının ən yaxşı formasında olduğunu söyləyib.
Boksçumuz qeyd edib ki, rəqibinin döyüşlərinin çoxunu nokautla başa vurması onu daha da ruhlandırır, psixoloji hazırlığını daha da artırır: “Rəqibin stilinə uyğun sparrinq-partnyorlar seçmişik. Bu, məni döyüşə daha ciddi hazırlaşmağa sövq edir. Hər boksçu rinqə qələbə üçün çıxır. Peşəkar boksda bəzən atmacalar, hətta tərbiyəsizliklə də rastlaşırsan. Amma bu rəqibimdə çox gözəl əxlaq görürəm. Əksi də olsaydı, ona Azərbaycan dəyərlərini nümayiş etdirəcəkdim. Maraqlı qarşılaşma olacağına inanıram. Döyüş taktikam rəngarəng olacaq. Təkcə hücum etməyəcəm”.
Boksçumuz Avropa kəməri uğrunda döyüşü Qəbələyə salmaqda məqsədlərinin “Eurosport” kanalı vasitəsilə Azərbaycanın necə inkişaf etdiyini göstərməkdən ibarət olduğunu da əlavə edib.