Fariz Məmmədovun rəqibi dəyişdi
Xəbərlər / 11 Mart 2014 | 14:00278
Fariz Məmmədovun rəqibi dəyişdi

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirəcək. Lakin bu görüş planlaşdırıldığı kimi alman Mattias Pelkə qarşı deyil, digər təcrübəli boksçu Samir Boukraraya qarşı baş tutacaq. Pelklə görüşün baş tutmamasına səbəb Almaniya təmsilçisinin döyüşə 2 həftə qalmış zədələnməsi olub. Bu barədə gabalafc.az-a açıqlama verən Fariz Məmmədov Boukrara ilə planlaşdırılan qarşılaşmanın təfərrüatlarından danışıb:
"Bildiyiniz kimi bir neçə gün sonra almaniyalı Mattias Pelklə revanş döyüşündə üz-üzə gəlməli idim. Lakin Pelkin zədələnməsi sözügedən görüşün təxirə salınması ilə nəticələndi. Əvəzində reytinq xarakterli 8 raundluq döyüşdə rinqə çıxacağam. Bu qarşılaşmada mərakeşli Samir Boukrara ilə üz-üzə gələcəyəm. Rəqibimin 36 yaşı var. Peşəkar rinqdə təcrübəsi böyükdür, çoxlu vacib qələbələri var. Bu mənim üçün Pelklə görüş öncəsi vacib döyüş olacaq. O ki qaldı revanşın vaxtına, bu Mattiasın müalicə müddətindən asılı olacaq. Həkimlər ona döyüşməyə icazə verdikdən sonra tarixi müəyyənləşdirəcəyik. Yəqin ki, qarşılaşma may və ya iyun ayında baş tutacaq".