«Finalda favorit olmur»
Xəbərlər / 2 İyun 2023 | 20:412196
«Finalda favorit olmur»

Azərbaycan kubokunun finalında keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu ərəfəsində “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyunun əhəmiyyətini dərk edirik. Çalışacağıq ki, yaxşı mübarizə aparaq və istəyimizə çataq. Şanslar bərabərdir. Finalda favorit olmur. Düşünürəm ki, komandamız məqsədə çatmaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. Görüşün “Bakcell Arena”da keçirilməsi bizə təsir etmir. Bu stadionda ilk dəfə oynamayacağıq. Stadionun atmosferi də futbolçuların oyundan həzz alması üçün münasibdir. “Neftçi”ni, deyil, öz komandamı düşünürəm. Çempionatda istədiyimiz yerə çatdıq. Futbolçularımız iddialıdırlar və titul üçün əllərindən gələni edəcəklər. Azarkeşlərimizin stadionda olmasını istəyirik. Onların dəstəyi bizə güc verir. İnanıram ki, çox sayda azarkeşimiz stadionda olacaq. Düşünürük ki, sabah tarix yaza bilərik. Futbolçularıma inanıram ki, məqsədə çatmağa cəhd edəcəklər. Hansı komanda xarakter göstərsə, istəyinə çatacaq”.

Mətbuat konfransında iştirak edən “Qəbələ”nin futbolçusu Murad Musayev də qarşılaşma haqda fikirlərini açıqlayıb: “Bizim üçün çox önəmli, əhəmiyyətli oyundur. Matça maksimum hazırlaşmışıq Sabah meydanda istəyimizə nail olacağımızı düşünürəm. Əlimizdən gələni edəcəyik ki, kuboka sahib olaq. Bizim üçün azarkeşin çox olması, atmosfer daha yaxşıdır. Bu, motivasiya baxımımdan bizə yaxşı oyun göstərməyə imkan verir. “Bakcell Arena” “Qəbələ” üçün uğurlu stadiondur. Düşünürəm ki, sabah da bizim üçün uğurlu olacaq”.