«Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar»
Xəbərlər / 20 Dekabr 2020 | 17:55255
«Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar»

Azərbaycan Premyer Liqasının XII turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuatı keçirilib. Sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Çempionatın liderinə qarşı oynayırdıq. “Qarabağ”ın gücü hamıya məlumdur. Balanslaşmış heyətə malik güclü kollektivdir. Çətin olacağını bilirdik. Çempionatda fasilə olduğu müddətdə məşqlərimizi dayandırmamışdıq. Hazırlıqlarda hiss olunurdu ki, komanda tonusdadır və “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir. Futbolçular bunu meydanda nümayiş etdirdilər. Məşqdə onlardan nə istəyirdiksə, meydanda da onu gördük. Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar”.

Baxşıyev ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan Rövlan Muradovun cəzalanması və qolun müəllifi Rafael Utriqin əvəzlənməsi barədə fikirlərini də açıqlayıb: “Muradov hücumameylli oyunçudur. Cəld olması və epizodlarda iştirakına görə simulyasiya edir. Rövlanla da söhbətimiz olacaq. Artıq mövsümdə 7-ci sarı vərəqəsini aldı. Düşünürəm ki, hücumameylli futbolçu üçün çoxdur. Bir az emosiyalarını cilovlayıb daha təmkinli olmalıdır. Komandanı ilk gündən hücumda qurmuşuq. “Qarabağ”a qarşı dominant futbol oynamaq istəsən də, hərdən alınacaq, hərdən yox. Hiss etdik ki, Ülvi İsgəndərovun meydana çıxmağına ehtiyac var. Rafael Utriq yorulmuşdu. Hücuma bir futbolçu atdıq. Çünki “Qarabağ”ın müdafiəçilərinin də hücuma qoşulmasını istəmirdik”.