«Futbolçular verilən tapşırıqları artıqlaması ilə yerinə yetirdilər»
Xəbərlər / 29 Sentyabr 2012 | 20:16330
Ramiz Məmmədov iki mövsüm aradan sonra Premyer Liqanın VII turunda “Qəbələ”-AZAL matçında yenidən baş məşqçi postunda debüt etdi. Qolsuz bərabərliklə sona çatan matçın ardından açıqlama verən Məmmədov futbolçuların çıxışından razı qaldığını bildirdi:
“Gərgin oyun keçdi. Hava şəraitinin isti olması da mübarizəni çətinləşdirən faktorlardan idi. Komandamızda iki ardıcıl məğlubiyyətdən sonra ruh düşkünlüyü hiss olunurdu. Çox güclü komandaya qarşı mübarizə apardıq. AZAL oyunu ilə sübüt etdi ki, turnir cədvəlinin 2-ci pilləsində təsadüfən qərarlaşmayıb. Vaqif Sadıqovun məşqçilik bacarığına bələdəm. AZAL-ın son oyunlarını məşqçi heyətimizlə ətraflı şəkildə analiz etmişdik. Futbolçularımız verdiyimiz tapşırıqları artıqlaması ilə yerinə yetirdilər. İkinci hissədə Mendi əlinə düşən imkandan yararlansaydı, matçdan qalib ayrıla bilərdik. Amma bu futboldu, həmin anda bəxt üzümüzə gülmədi. Amma yenə də futbolçuların çıxışını qiymətləndirmək lazımdır. Bu gün 3 əsas heyət oyunçumuz meydanda yer almamışdı. Onları cari mövsümdə meydançaya çıxmayan futbolçular əvəzləmişdilər. Onlara – Rövşən Əmiraslanov, Daniel Kruz və Anar Nəzirova xüsusi təşəkkür edirəm. Bu futbolçular cari mövsümdə ilk dəfə meydançaya çıxdıqlarını hiss etdirmədilər, verdiyimiz tapşırıqları dəqiqliklə yerinə yetirdilər”.