“Futbolçular yaxşı, baxımlı oyun göstərdilər”
Xəbərlər / 28 May 2026 | 22:0435
“Futbolçular yaxşı, baxımlı oyun göstərdilər”

Premyer Liqaya vəsiqə uğrunda pley-offda keçirilən “Qəbələ” – “Mingəçevir” oyunundan (2:0) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Birinci növbədə azarkeşləri təbrik edirəm və eyni zamanda qeyri-sabit mövsüm keçirdiyimiz üçün üzr istəyirəm. Mövsüm ərzində sabitlik olmadı, çox gərgin əsəbi anlar yaşadıq. Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Əlbəttə ki, favorit biz sayılırdıq. Lakin bunu meydanda sübut etmək lazım idi. Şadam ki, futbolçular oyuna ciddi yanaşdılar. Yaxşı, baxımlı oyun göstərdilər. Sadəcə az qol vurduğumuz üçün narazı qaldıq. Çox qol vəziyyətləri yaratdıq, lakin istifadə edə bilmədik. Bu pisdir. Futbolçuların çoxu gəncdir, belə oyunlarda daha etibarlı olmalıdırlar. Artıq birinci hissədə məsələni həll edə bilərdik. Rəqibin çox təcrübəli baş məşqçisi var. Ramiz Məmmədovu çoxdan tanıyıram və ona hörmətim var. Onların əsas üstünlüyü də məşqçiləri idi. Bu oyuna qədər gəlib çıxmaları onun əməyinin nəticəsidir. Amma qələbəyə layiq olan biz idik”.