UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun “Qəbələ” – “Maynts” (Almaniya) oyunundan (2:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Əzmkarlığı önə çəkməyi başa düşmürəm. “Maynts” bu gün bütün komponentlərdə bizi üstələdi. Sürət, topla hərəkət, güc və digər bütün oyun keyfiyyətlərində rəqib daha yaxşı idi. Almaniya klubunun yaxşı təşkil olunduğunu da nəzərə almalıyıq. Matçı yaxşı təhlil etməliyik. Oyunçularıma üzülməyə əsas olmadığını dedim. Futbolçularımız əsl qladiator kimi döyüşdülər, bacardıqları hər şeyi etdilər. Təbii ki, səhvlər çox oldu. Amma belə təzyiqin altında oynayanda bundan qaçmaq mümkün deyil. Rəqib fərdi keyfiyyətlərinə görə də güclü idi və pressinqdən yararlanırdı. Oyunçularımı tərifləyib, məyus olmamalarını tövsiyə etdim. Onlara irad bildirmək olmaz. Çünki maksimum dərəcədə bacarıqlarını ortaya qoydular. “Qəbələ” və “Maynts” tam fərqli səviyyələrdədir. Aramızda böyük uçurum olmasa da, səviyyə fərqi var. Belə matçlar yaxşıdır ki, nəyə qadir olduğumuzu, əsl gücümüzü, bundan sonra nə edəcəyimizi göstərir. Bu barədə çox yaxşı məlumat aldıq. Şəxsən mən nəticəyə üzülmürəm. Rəqibin əvəzləmələrinə gəlincə, onların heyətinin necə komplektləşdiyini bilirdik. Dəyişikliklərdən sonra sürəti daha da artırdılar. Bunu hər dəqiqə görürdüm. Almaniya Bundesliqasında zəif komanda olmur. “Maynts” zəif olsaydı, həmin liqada oynamazdı. Əlbəttə, təslim olmamalı, mübarizə aparmalı, nəyəsə çalışmalıyıq. Əgər uduzmasaydıq, bu möcüzə olardı. “Lill”lə qarşılaşmalarda möcüzəni reallaşdırdıq. Lakin hər dəfə bunu gerçəkləşdirmək alınmır. Qol varsa, kimsə səhv edir. Həmişə qoldakı xətalar görünür. Bu, səhv edən bir oyunçunun deyil, arxa xəttin təşkilindəki xətadan irəli gəlir. Hansısa oyunçunu qınamaq olmaz. Bir qarşılaşmada iki oyunluq qüvvə sərf etdilər. Belə sürətli rəqiblə görüşdə onlardan da çox güc sərf etmək lazımdır. Dabo, Ozobiç kimi oyunçularımız var ki, daha yüksək səviyyəyə çata bilərlər. Bütün futbolçulara təşəkkür edirəm. Nika Kvekveskiri və Teo Uiks meydanda olsaydı, mərkəzdə daha yaxşı oynayardıq. “Bakcell Arena”nın ot örtüyü yaxşı vəziyyətdə idi. Stadionun əməkdaşlarına təşəkkür edirəm. Onlar meydançanı yaxşı vəziyyətə gətirmişdilər. ”.