«Futbolçularımızda qələbə ruhu var idi»
Xəbərlər / 19 Noyabr 2016 | 18:19433
«Futbolçularımızda qələbə ruhu var idi»

Topaz Premyer Liqasının XII turunun “Qəbələ” – “Zirə” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Zirə” ilə oyuna hazırlaşanda, analiz aparıb, rəqibin matçdan-matça artırdığını görmüşdük. Futbolçularımızda qələbə ruhu, istəyi var idi. Vacib olan 3 xalı qazandıq. Çətin də olsa, bunu gerçəkləşdirdik. Ötən turda qol imkanlarını qaçırıb, qalib gələ bilməmişdik. Oyunçularla bu barədə danışmışdıq ki, əlimizə düşən imkanları qaçırmamalıyıq. Bu gün istəyimizə çatıb, 3 xalı əldə etdik. Ardıcıl qələbələrdən sonra komandanın üzərində müəyyən təzyiq yaranmışdı. Daim hücumda oynayanda müdafiədə müəyyən boşluqlar üzə çıxır. Bu da rəqibə əks-hücum imkanı yaradır. “Zirə” ilə qarşılaşmada bir neçə belə epizod oldu. Baş məşqçimiz Roman Qriqorçuk öz göstərişlərini vermişdi. O, texniki zonada olsaydı, komanda daha güclü olardı. Bir neçə ildir birgə çalışırıq. Onun fəlsəfəsinə bələdəm və bu üzdən oyunun gedişində telefonla əlaqə saxlamağa ehtiyac olmadı. Bəzi futbolçuların əvəzedici heyətdə çıxış etməsi onların oyun praktikası qazanması məqsədi daşıyır. Qarşıda bizi ağır matçlar gözləyir. Oyunçularla söhbət edəcəyik ki, daha intizamlı çıxış edib, cəzalı duruma düşməsinlər. Zədəlilər artıq sıraya dönüblər. Bütün görüşlərə optimal heyətlə çıxmalıyıq”.