«Futbolçularımızın mübarizə aparmasından razı qaldım»
Xəbərlər / 20 Avqust 2015 | 19:01164
«Futbolçularımızın mübarizə aparmasından razı qaldım»

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Bu gün əvvəlki qarşılaşmaların çoxu ilə müqayisədə daha yaxşı oynadıq. Təbii ki, nəticənin də oyunun da daha yaxşı olmasını istərdik. Çünki bunu bacara biləcəyimizi düşünürəm. Lakin bu da o qədər pis deyil. Futbolçularımızın mübarizə aparmasından razı qaldım. Onlar əllərindən gələni etməyə çalışdılar. Xüsusilə də ilk hissənin ikinci yarısı xoşuma gəldi. Rəqib qapısında çox sayda qol imkanı yarada bilmədik. Əvəzetmələri nə vaxt reallaşdırmaq mənim qərarım idi. Aleksey Antonov taktiki cəhətdən yaxşı oynadı. Onu yalnız yorulduğunu görəndə əvəzlədim. “Panatinaikos”la ilk qarşılaşma nəyin üzərində çalışmalı olduğumuzu göstərdi. Topu orta sahədə daha çox saxlamalıyıq. Müdafiədə bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Əks-hücumların sürətli təşkil olunmasının da üzərində çalışmalıyıq. İndiki heyətimiz yaxşı oynadı, lakin komandanı gücləndirə biləcək futbolçu lazımdır. Amma rəqabət yarada biləcək oyunçu tapmaq asan deyil”.