Oktyabrın 29-da Bakı İdman Sarayında gənclər arasında sərbəst güləş üzrə ənənəvi “Hünər meydanı” turniri keçirilib. Yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib. Güləşçilərimiz paytaxtda keçirilən turniri 2 qızıl medalla başa vurub. 74 kq çəki dərəcəsində çıxış edən Sənan Əlizadə keçirdiyi 6 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Pənah İlyasov isə 66 kq çəki dərəcəsində hamıdan güclü olub. O, 5 qarşılaşmada qələbə qazanmaqla turnirin qalibi olub. Əlizadə və İlyasov turnirdəki qələbə ilə Azərbaycan milli komandasının heyətinə düşüb.
Yeniyetmə güləşçilər isə oktyabrın 27-28-də Bakı İdman Sarayında təşkil olunan Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb. “Qəbələ”nin güləşçisi Çingiz Eyvazov turniri mükafatçılar sırasında başa vurub. O, yalnız finalda uduzaraq gümüş medala yiyələnib.