Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sabah” – “Qəbələ” matçından (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Məncə, azarkeşlər oyundan zövq aldılar. Sürətli və kombinasiyalı oyun izlədiik. Çempionatda lider olan rəqibimizi yaxşı analiz etmişdik. Onların heyətində yüksək səviyyəli futbolçular var. Oyunçularımız verilmiş tapşırıqların öhdəsindən yaxşı gəldilər. Müdafiədə demək olar, səhvsiz oynadılar. Təhlükəli hücumlarımız da oldu, təəssüf ki, yenə də penaltidən istifadə edə bilmədik. Futbolçularıma belə ağıllı oyun göstərdikləri üçün təşəkkür edirəm. Bu il iki qələbə qazandıqdan sonra hamı gözləyirdi ki, biz "Sabah" kimi klublara qarşı necə oynayacağıq? Göstərdik ki, hamıya qarşı bərabər səviyyədə çıxış edə bilərik”.