“Qəbələ” İdman Klubunun təmsilçiləri Cənubi Koreyanın Muju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında iki medal qazanıb. Azərbaycan milli komandasının üzvləri Milad Beiqi Harçeqani və Məhəmməd Məmmədov yarışda fəxri kürsüyə yüksəliblər. 80 kq çəki dərəcəsində çıxış edən Harçeqani ilk döyüşündə nigerli Cibo Baqna Kadrı 30:9, ardınca yaponiyalı Hidenori Ebatanı 18:7 hesabı ilə məğlub edib. 26 yaşlı taekvondoçu 1/8 finalda Raul Qarsia Martinezə (İspaniya) 19:13, 1/4 finalda Moises Hernandesə (Dominikan Respublikası) 6:4 hesabı ilə qalib gəlib. Olimpiya mükafatçısı yarımfinalda moldovalı Aaron Kuka 41:5, həlledici görüşdə rusiyalı Anton Kotkova 21:3 hesabı ilə qalib gələrək, dünya çempionu tituluna yiyələnib.
63 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Məmmədov isə 3-cü yerlə kifayətlənib. O, Sərdar Tahirovu (Özbəkistan) 10:3, Maktar Əl Məhəmməd Diaonu (Seneqal) 26:6, portuqaliyalı Nuno Kostanı 35:17 hesabı ilə məğlub edib. 1/4 finalda Bolat İzutdinovu (Rusiya) 11:7 hesabı ilə məğlub edən idmançımız yarımfinalda iranlı Mirhaşim Husseynə məğlub olub (5:6) və bürünc medal qazanıb.