Qadınlar, gənc oğlan və qızlar arasında boks üzrə Azərbaycan çempionatına yekun vurulub. Boks Mərkəzində baş tutan yarışda “Qəbələ” İdman Klubunun əlcək ustaları da mübarizə aparıblar.
Təmsilçilərimiz çempionatı 2 qızıl və 1 gümüş medalla başa vurublar. Məhsəti Həmzəyeva qadınların yarışında fərqlənib. 57 kq çəkidə çıxış edən boksçumuz bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına yiyələnib.
75 kq çəkidə mübarizə aparan Fərhad Şeydayev gənc oğlanların yarışında ən güclü olub. O, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
48 kq çəkidə qüvvəsini sınayan Ramal Yolçuyev gənc oğlanların mübarizəsində ikinci olub. Klubumuzun Qəbələ şəhər məktəbinin yetirməsi olan boksçu yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
“Qəbələ” İdman Klubunun boks bölməsinin məşqçisi Ramiz Mirkamilov da çempionatı mükafatla başa vurub. O, yarışın ən yaxşı məşqçisi kimi mükafatlandırılıb.