Serbiyanın paytaxtı Belqradda təşkil olunan U-15 Məktəblilərin Dünya Oyunlarında cüdo yarışları başa çatıb. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçiləri də tatamı üzərinə çıxıb. Klubumuzun iki cüdoçusu mükafatlar uğrunda mübarizə aparıb.
66 kq çəki dərəcəsində çıxış edən Hüseyn Eyvazlı yarışa məğlubiyyətlə başlasa da, ardıcıl 3 qələbə ilə bürünc medal qazanıb. Cüdoçumuz Danil Melnikova (Belarus) uduzub, təsəlliverici qarşılaşmalarda Aleksandrs Avdeyevs (Latviya) və Yovan Bojiçə (Serbiya) qalib gəlib. O, bürünc medal uğrunda görüşdə Kiril Komin (Estoniya) üzərində qələbə qazanıb.
55 kq çəkidə mübarizə aparan Riyad Mustafazadə isə 5-ci yeri tutub. Eduard Arbuzova (Rusiya) uduzan cüdoçumuz təsəlliverici qarşılaşmalarda Artur Pauts (Estoniya) və Erik Vitanova (Bolqarıstan) qalib gəlib. O, bürünc medal uğrunda görüşdə latviyalı Maksims Tixonovsa məğlub olub.