Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. Tədbirdə Azərbaycan prezidentini, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Dövlət başçısı görüşdə nitq söyləyib.
Sonra Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edilib. Dövlət başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb.
Rio-2016-nın iştirakçısı olan “Qəbələ” İdman Klubunun üzvləri də görüşdə iştirak ediblər. Braziliyada uğur qazanan təmsilçilərimiz təltif olunanlar sırasında yer alıblar.
Yalnız finalda uduzaraq, gümüş medal qazanan boksçumuz Lorenzo Collazo Sotomayor 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Boks yarışlarında bürünc medal qazanan Kamran Şahsuvarlı “Tərəqqi” medalına layiq görülüb.
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunanlar arasında iki “Qəbələ”li yer alıb. Riodan bürünc medalla qayıdan Milad Beiqi Harçeqani, həmçinin boks üzrə məşqçi Anar Məmmədov diplomla təltif olunublar.
Sonda Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirib.