Uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük proyektlər həyata keçirən “Qəbələ” İdman Klubu II Qəbələ Kubokunun startına hazırlaşır.
Klubumuzun təşkilatçılığı ilə Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında bu il ikincisi baş tutacaq beynəlxalq turnir təşkil edilir. Bir çox cəhətdən ilklərlə zəngin olan və ölkəmizdə aşağı yaş qrupları üzrə klublar arasında keçirilən birinci beynəlxalq turnir kimi tarixə düşən Qəbələ Kuboku bu il də Avropanın tanınmış kollektivlərini Azərbaycana gətirir. “Barselona” ( İspaniya), “Beşiktaş” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Şaxtyor” (Ukrayna), “Zenit” (Rusiya), “Portu” (Portuqaliya) komandalarının iştirakı ilə keçiriləcək turnirdə Azərbaycan “Bakı” və “Qəbələ” ilə təmsil olunacaq.
28 may – 02 iyun tarixlərində baş tutacaq turnirdə komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda “Qəbələ”, “Barselona”, “Beşiktaş” və “Şaxtyor”, B qrupunda isə “Bakı”, “Feyenoord”, “Zenit” və “Portu” münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları mayın 29-u və 30-u, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.
I Qəbələ Kuboku ölkəmizin tanınmış futbol adamları və federasiya rəsmiləri ilə yanaşı həm də ölkə xaricindən gələcək yüksək titullu futbol mütəxəssislərinin iştirakı ilə da əlamətdar olacaq. “Feyenoord” U-15 komandasının baş məşqçisi, Hollandiya futbol tarixinin ən güclü hücumçularından biri Roy Makaay, London “Arsenal”ının əfsanəvi kapitanı və “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams, İspaniya millisinin və “Barselona”nın keçmiş müdafiəçisi Xulio Alberto Moreno, dünya uşaq futbolunun tanınmış simalarından olan Albert Pyuç turnirdə yer alacaqlar.