İki turun oyunları azarkeşsiz keçiriləcək
Xəbərlər / 10 Mart 2020 | 20:26229
İki turun oyunları azarkeşsiz keçiriləcək

Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır. 

Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan və ölkəmizdə virusa qarşı aparılan mübarizəni rəhbər tutaraq Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun və Premyer Liqanın növbəti iki turunun azarkeşsiz keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən I Divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turları azarkeşsiz keçiriləcək. Oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunacaq. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin edəcək.

Xatırladaq ki, “Qəbələ” XXI turun martın 14-də baş tutacaq oyununda “Qarabağ”la Tofiq Bəhramov adına Respublika stadionunda, XXII turun martın 22-də keçiriləcək matçında “Sabah”la Qəbələ şəhər stadionunda üz-üzə gələcək.