Azərbaycan Premyer Liqasının IX turunun “Keşlə” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Oyunun bizim üçün ağır keçəcəyini öncədən bilirdik. İki futbolçumuz matçı buraxmalı idi. Buna görə də heyəti qurmaqda çətinliklə üzləşmişdik. Amma buna baxmayaraq, birinci hissəni çıxmaq şərti ilə komanda ikinci hissədə özünə bənzədi, istədiyimizi meydançada göstərməyə başladı. Heyətdə müəyyən dəyişikliklər var idi. Bəzi oyunçular ilk dəfə həmin mövqedə oynayırdılar. İkinci hissədə sistemdə də dəyişiklik etdik. Bu da komandaya yeni güc verdi. Buraxılan qolda Faiq Hacıyevin səhv etdiyini deməzdim. Gənc, potensiala malik oyunçudur. Ona gələcəkdə də şans verəcəyik. İki hissəni müqayisə etsək, böyük dəyişiklik olmadı. Fasilədən sonra, ikinci hissədə komanda daha istəkli idi. Bunun sayəsində rəqibdən üstün olmağa çalışdıq”.