İlk sınaq
Xəbərlər / 17 Yanvar 2022 | 21:33248
İlk sınaq

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” sabah ilk yoxlama oyununa çıxacaq. Antalya toplanışındakı ilk sınaq “İC Santai” Futbol Mərkəzində baş tutacaq. “Qırmızı-qaralar” Polşa təmsilçisi “Zaqlembe” ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/91 və 2006/07 mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. “Zaqlembe” Polşada 3 dəfə kubok, 1 dəfə Superkuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt “Zaqlembe” Avropa Liqasında 3-cü təsnifat mərhələsinə qədər irəliləyib. Rəqibimiz 2000-ci ildə İntertoto kubokunda Azərbaycan təmsilçisi “Viləş”i mübarizədən kənarlaşdırıb – 4:0, 3:1. Ötən mövsüm Ekstraklasada 16 komanda arasında 8-ci yeri tutan komanda hazırda 18 iştirakçı arasında 14-cüdür.

 

Yoxlama oyunu

18 yanvar

16:00. “Qəbələ” – “Zaqlembe” (Polşa)

“İC Santai” Futbol Mərkəzi