“Qəbələ” İdman Klubunun daha bir cüdoçusu Azərbaycan çempionu olub. Klubumuzun Qəbələ rayon bölməsinin yetirməsi İmran Yusifov +100 kq çəki dərəcəsində ölkə çempionu adını qazanıb. Rafael Şahverdiyev və Cəfər Əkbərlini məğlub edən cüdoçumuz yarımfinala yüksəlib. Bu mərhələdə Şahin Qəhrəmanova qalib gələn Yusifov həlledici görüşdə Camal Feyziyevi üstələyib. Bununla da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İmran Qəbələ rayonunun ölkə çempionu adına yiyələnən ilk cüdoçusu olub.
Xatırladaq ki, bir gün öncə tatamı üzərinə çıxan klubumuzun Bakı bölməsinin cüdoçusu Kəramət Hüseynov da qızıl medal qazanıb. Bununla da “Qəbələ” təmsilçiləri kişi cüdoçuların mübarizə apardığı 7 çəki dərəcəsindən ikisində ən güclü olublar.