«İnter»lə oyun maraqlı və həyəcanlı keçəcək»
Xəbərlər / 9 Avqust 2012 | 13:17280
Doğma divarlar arasında hazırlıqlarını davam etdirən “Qəbələ” sabah Unibank Premyer Liqasının 2-ci turu çərçivəsində paytaxt təmsilçisi “İnter”i qəbul edəcək. Futbolçulardan yalnız ötən oyunda – “Simurq”la matçda qırmızı vərəqə ilə cəzalandırılan Ürfan Abbasov komandaya kömək edə bilməyəcək. İlk turda yüngül zədə alan Viktor Mendi zədəsini sağaldaraq komanda ilə məşqlərdə iştirak edir.
İlk ev oyunu öncəsi fikirlərini gabalafc.az-la bölüşən komandanın baş məşqçisi Fatih Kavlak onları maraqlı qarşılaşmanın gözlədiyini deyib:
“İnter” komandası uzun müddətdir stabil şəkildə eyni baş məşqçi ilə fəaliyyət göstərir. Bu mövsüm paytaxt təmsilçisi heyətini yeni futbolçularla gücləndirib. Biz də heyətimizə yeni futbolçular qataraq güclü komanda formalaşdırmışıq. Bütün oyunlarda 3 xal qazanmağı hədəfləyirik. Doğma meydanda oynayacağımız bu matça qələbəyə köklənərək hazırlaşmışıq. “İnter”lə oyun çətin, çətin olduğu qədər maraqlı və həyəcanlı keçəcək. Azarkeşlərimizi komandamızı seyr etməyə və futbolçularımıza dəstək olmağa dəvət edirəm”.