“İstədiyimiz nəticəni əldə etməyə çalışırıq”
Xəbərlər / 20 Sentyabr 2025 | 20:4614739
“İstədiyimiz nəticəni əldə etməyə çalışırıq”

Misli Premyer Liqasının V turunun “Qəbələ” – “Kəpəz” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Əvvəlcə “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edirəm. Ölkə futbolu üçün əhəmiyyətli bir qələbə idi. Öz oyunumuza gəlincə, komandamızı təbrik edirəm. Çox gərgin oyun oldu. Bizim 1 xalımız var idi, rəqibin isə xalı yox idi. Bu baxımdan oyunun gərgin keçəcəyi gözlənilirdi. Əvəzetmələr öz nəticəsini verdi. Bir tərəfdən sevinirik ki, Prins Ovusu sonradan meydana çıxıb dubl etdi. Digər tərəfdən isə məyus oluruq ki, etimad göstərib start heyətində meydana buraxdığımız futbolçu özünü doğrultmadı. Oyunun əvvəlində gərginlik hiss olunurdu. Sonradan məşqlərdə etdiklərimizi meydanda göstərməyi bacardıq. Ziya Şəkərxanovu təbrik edirəm. Son vaxtlar çox artırıb. Əsas komanda ilə məşq etdiyi vaxtdan onda xeyli inkişaf var. Hətta oyunun sonlarında fərqlənmək üçün də imkanı oldu. Lakin təcrübəsizlikdən bu alınmadı. Bir daha qeyd edirəm ki, biz öz oyunumuzu göstərib istədiyimiz nəticəni əldə etməyə çalışırıq”.