«İstədiyimizi meydanda görə bildik»
Xəbərlər / 1 Mart 2020 | 17:32251
«İstədiyimizi meydanda görə bildik»

Azərbaycan Premyer Liqasının XIX turunun “Zirə” - “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Qış fasiləsindən sonra həm biz, həm də “Zirə” çətin durumda idik. Lakin göstərdiyimiz futbol qarşıda daha yaxşı çıxış edəcəyimizə inam verirdi. Sadəcə nəticələr yox idi. Nümayiş olunan oyun məni də, bütün məşqçilər korpusunu da qane edirdi. İnanırdıq ki, şans da bizim tərəfimizdə olacaq. Sevinirik ki, bu oyunda istədiyimizi meydanda görə bildik. Matçı hissələrə bölməzdim. İlk yarıdakı oyundan çox məmnun qaldım. Verilən tapşırıqlar daha yaxşı icra olunurdu. Fasilədən sonra riskli oynamağa ehtiyac yarandı. Hesabda geridə idik. Komandanın üzərinə daha çox yük düşürdü. Sevinirəm ki, futbolçular bunun altından yaxşı çıxdılar. Abdelrafik Jerar məşqdə zədəli olduğu üçün meydana çıxmadı. Bu komanda oynamağı bacarır, potensialı var. Qışa qədər necə təhlükəli, necə baxımlı oynaya bildiyimizi göstərdik. Fasilədə bizi tərk edənlər oldu. Onların yerinə gələnlər elə vaxt qoşuldular ki, müəyyən vaxta ehtiyac var idi. İnanıram ki, getdikcə komanda daha yaxşı olacaq və məzmunlu oynayacaq. Rasim Ramaldanov artıq komanda ilə məşq edir. Altı ay meydandan kənarda qaldığı üçün ona da vaxt lazımdır”.