Kamran Şahsuvarlı Avropa çempionatının gümüş mükafatçısıdır
Boks / 24 İyun 2017 | 19:421445
Kamran Şahsuvarlı Avropa çempionatının gümüş mükafatçısıdır

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının boksçusu Kamran Şahsuvarlı növbəti uğurunu qazanıb. Rio-2016-nın bürünc, İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı olan 25 yaşlı idmançımız Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında fəxri kürsüyə qalxıb. O, Avropa çempionatının gümüş medalını qazanıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Şahsuvarlı qitə çempionatına 1/8 finaldan start verib. Kamran öncə irlandiyalı Emmet Brennan (5:0), 1/4 finalda almaniyalı Silvio Şyerleyə (4:1) qalib gəlib. Boksçumuz yarımfinalda macarıstanlı Zoltan Harcs üzərində qələbə (4:1) qazanıb. Kamran bu gün keçirilən final döyüşündə ukraynalı Aleksandr Xijnyakla görüşüb. Təmsilçimiz bu döyüşdən 0:5 hesablı məğlubiyyətlə ayrılaraq, 2-ci yeri tutub.

Yarışların əsasnaməsinə görə, 1/4 finala vəsiqə qazanan idmançılar bu il keçiriləcək dünya çempionatına vəsiqə qazandığından həm Kamran, həm də yarımfinalın bir addımlığında mübarizəni dayandıran digər boksçumuz Lorenzo Sotomayor (64 kq) mundialda çıxış etmək hüququ əldə edib. Dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək.