Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun boksçusu Kamran Şahsuvarlı növbəti uğurunu qazanıb. İdmançımız Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatını mükafatçılar sırasında başa vurub. 75 kq çəki dərəcəsində çıxış edən Şahsuvarlı mundialın bürünc mükafatını qazanıb.
Kamran 1/8 finalda Maks Van der Pasa (Hollandiya) 3:2 (28:29, 29:28, 30:37, 30:27, 29:28), 1/4 finalda kolumbiyalı Xorxe Vivas Palasiosa 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə qalib gəlib. Bununla da dünya çempionatının mükafatını təmin edən idmançımız yarımfinalda qazaxıstanlı Abilxan Amankulla qarşılaşıb. 1:4 (28:29, 29:28, 27:30, 27:30, 28:29) hesabı ilə məğlub olan Kamran bürünc medala yiyələnib.
Klubumuzun digər boksçusu Lorenzo Sotomayor dünya çempionatını 1/8 finalda başa vurub.