Qarşılama mərasiminin ardından media nümayəndələri üçün brifinq təşkil olunub. İslamiadadan 2 qızılla (fərdi və komanda yarışında) dönən "Qəbələ" karateçisi Rafael Ağayev yarış barədə təəssüratlarını bölüşüb:
"İslam Oyunlarına yaxşı hazırlaşmışdıq. Yarışın çətin keçəcəyini bilirdik. Şükürlər olsun ki, uğurlü nəticə ilə - 3 qızıl, 2 gümüşlə vətənə döndük. Mənimçün çox yaddaqalan yarış oldu. 8 il bundan öncə yığma komanda ilə ilk turnirə qatılarkən mən heyətdəki ən gənc idmançı idim. Bu dəfə isə yığmanın ən təcrübəli karateçisi kimi yarışa yollanmışdım. Çəkimdə favorit hesab olunurdum. Ümidləri doğrultduğuma görə sevincliyəm. Komanda yarışımız da çox maraqlı və çətin keçdi. Finalda dünyanın ən güclü komandalarından hesab olunan İran təmsilçilərini məğlub etdik. Bizə dəstək verən hər kəsə təşəkkür edirik".
Azərbaycanı və "Qəbələ"ni İslamiadada təmsil edən digər karateçimiz Rafiz Həsənov qələbəyə görə sevincli olduğunu bildirib. O, gələcək hədəfləri barədə də açıqlama verib:
"Vətənə medallarla döndüyümüzə görə sevincliyik. Düşünürəm ki, layiqli qələbələr qazandıq. Qarşıdan bizi mötəbər yarışlar - 2014-cü il Dünya və Avropa çempionatları, ardından isə 2015-ci il Avropa Olimpiya Oyunları gözləyir. Məqsədim sözügedən yarışlara ciddi hazırlaşmaq və mükafatçılar sırasında yer almaqdır".