“Qəbələ” İdman Klubunun karateçiləri Rafael Ağayevlə Rafiz Həsənov dünya çempionatında bürünc medal qazanıblar. İdmançılarımız Azərbaycan yığmasının heyətində fərqləniblər. Millimiz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında komanda yarışında 3-cü yeri tutub. Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət yığma bürünc uğrunda qarşılaşmada Özbəkistanla qarşılaşıb. 3:2 hesabı ilə qalib gələn millimiz fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Xatırladaq ki, bunadək Xorvatiya, Hindistan və Yaponiyaya qalib gələn yığmamız Serbiyaya məğlub olduqdan sonra təsəlliverici görüşdə Şimali Makedoniyanı yenib.