Oktyabrın 21-də təşkil olunacaq “Qəbələ” və Ukraynanın KB-75 klubları arasında boks üzrə beynəlxalq yoldaşlıq görüşü öncəsi çəki mərasimi və mətbuat konfransı keçirilib. Nümayəndə heyətimizin rəhbəri Fariz Məmmədov, Azərbaycan millisinin baş məşqçisi Leonid Loivski, komandamızın baş məşqçisi Ramiz Mirkamalovun qatıldığı tədbirdə ukraynalıların çalışdırıcısı Sergey Krinitski və baş hakim İqor Biletski iştirak ediblər. Media nümayəndələrinin suallarını cavablandıran rəsmilər yoldaşlıq oyunu və təşkilatçılıq haqda da fikirlərini bildiriblər. “Qəbələ” nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov konfrans iştirakçılarına “Qəbələ” haqda məlumat verib, klubun yarandığı gündən indiyədək gördüyü işlərdən, uğurlardan bəhs edib. O, Azərbaycan və Ukrayna xalqlarının dostluq münasibətlərindən danışıb, Krivoy Roq şəhərində göstərilən diqqətə və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib. Konfransın ardınca isə boksçuların çəki mərasimi baş tutub.
Xatırladaq ki, sabah baş tutacaq və 7 döyüşdən ibarət görüş Krivoy Roq şəhərindəki Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdə “Qəbələ”ni Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək.