Bakıda cüdo üzrə dünya çempionatı start götürüb. Yarışın ilk günündə kişilər 60 kq çəki dərəcəsində mübarizə aparıb. “Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Kəramət Hüseynov da tatamı üzərinə çıxıb.
İlk mərhələdən azad olan 20 yaşlı idmançımız yarışa 1/32 finaldan qoşulub. O, ilk rəqibi belçikalı Yoran Şildermansa 1 dəqiqə 9 saniyəyə qalib gəlib. Kəramətin növbəti rəqibi 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qalibi, 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu, Bakıdakı Avropa Oyunlarının ən güclüsü rusiyalı Beslan Mudranov olub. Hüseynov adlı-sanlı rəqibi 2 dəqiqə 32 saniyəyə məğlub edib. 1/8 finalda ispaniyalı Fransisko Qarriqosıa görüşən cüdoçumuz rəqibini xal hesabı ilə üstələyib. 1/4 finalda idmançımız daha bir adlı-sanlı rəqiblə görüşüb. Rio Olimpiadasının bürünc medalçısı, ikiqat dünya çempionu, o cümlədən son mundialın qalibi yaponiyalı Naohisa Takato ilə üz-üzə gələn Kəramət bu dəfə tatamidən məğlub ayrılıb. Təsəlliverici döyüşlərə qatılan Hüseynovun ilk rəqibi KXDR təmsilçisi Kim Yonq Qvon olub. İdmançımız 6 dəqiqə 44 saniyəlik mübarizəni qızıl xalla üstün başa vurub. Bürünc medal uğrunda qarşılaşmada Kəramət gürcüstanlı Amiran Papinaşvili ilə üz-üzə gəlib. Bu görüşdə uduzan Hüseynov yarışı 5-ci yedə başa vurub.