Azərbaycan milli komandası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında çıxışını başa vurub. Yığmamız Milli Gimnastika Arenasında təşkil olunan mundialın son günündə komanda yarışlarına qatılıb. “Qəbələ” İdman Klubunun təmsilçisi Uşanqi Kokaurinin də heyətində yer aldığı Azərbaycan millisi mübarizəyə 1/8 finaldan qoşulub. Yığmamızın ilk rəqibi Avstriya olub. Komandamız 4:1 hesablı qələbə qazanıb. +90 kq çəki dərəcəsində çıxış edən Kokauri Daniel Allerstorferə qalib gəlib. Cüdoçumuz 1/4 finalın Yaponiya ilə duelində Yusei Oqavanı məğlub etsə də, yığmamız 2:4 hesabı ilə uduzub.
Təsəlliverici mərhələyə qatılan komandamız Hollandiya ilə görüşüb. Yığmamız 4:2 hesablı qələbə ilə bürünc uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Kokauri bu dueldə Roy Meyerə uduzub. Mükafatçılar sırasına düşmək uğrunda mübarizədə millimiz Rusiya ilə qarşılaşıb. Kokaurinin İnal Tasoyevə uduzduğu dueldə şimallılar 4:1 hesablı qələbə qazanıb. Azərbaycan millisi komanda yarışlarını 5-ci pillədə bitirib.
Xatırladaq ki, “Qəbələ”nin iki cüdoçusu fərdi yarışlarda qüvvəsini sınayıb. Kokauri +100 kq çəki dərəcəsində gümüş medal qazanıb, Kəramət Hüseynov 60 kq çəki dərəcəsində 5-ci olub.