Premyer Liqanın XXXVI turu çərçivəsində baş tutan “Qəbələ” – “Bakı” (3:0) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Bu, “Qəbələ”də çalışan bütün insanların qələbəsidir. Mən onların hamısına təşəkkür edirəm. Futbolçuları nadir hallarda tərifləsəm də, bu gün onların ünvanına xoş sözlər deyəcəyəm. Oyunçular ciddi iş gördülər. Mövsümün ikinci yarısının əvvəlində turnir cədvəlində “Neftçi”dən nə qədər geri qaldığımızı nəzərə alıb, futbolçulara görülən bu işə görə böyük təşəkkür edirəm. Oyunun təhlili bir az ikinci plandadır. Çünki bu matçda bizə nəticə vacib idi. Belə qarşılaşmalarda lazım olan nəticəni əldə etməyin çətinliyini də başa düşürdük. Hər şeyin öz əlində olduğunu, medalların bir matçdan asılılığını biləndə stress də olur. Belə vəziyyətdə öz oyununu göstərib vacib nəticə qazanmaq asan olmur. Bu gün komanda bu işin öhdəsindən gəldi".