«Komanda çox istəkli idi»
Xəbərlər / 4 Mart 2018 | 18:44359
«Komanda çox istəkli idi»

Topaz Premyer Liqasında XVIII turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Hazırda pis hisslər yaşayıram. Başa düşürəm ki, komanda da, futbolçular da eyni durumdadır. Onlardan xahiş etdim ki, bu matçı yaşayıb, öhdəsindən gəlsinlər. Futbol həyatımda bir gündə bu qədər  pis şeyin olduğunu xatırlamıram. İnanılmaz görünür. Matça qədər 4 futbolçunu itirməyimiz azmış kimi qarşılaşmada özümüz qapımıza qol yaratdıq, qırmızı, sarı vərəqələr aldıq. Ruslan Qurbanovun zədəsinin ciddi olması ehtimalı da var. Amma yenə şikayətlənmirəm. Bütün bunları arxada qoymalıyıq. Bu məğlubiyyət özünəinamımızı qırmamalıdır. Bir məqamı da qeyd edim ki, bugünkü matça xeyli sayda azarkeş toplaşmışdı. Onlar qarşısında bir az pis olduq ki, yaxşı futbola baxmağa gəlmişdilər, amma belə oyun gördülər. Vitali Vernidubun ardıcıl ikinci matçda rəqib qolunda rol oynamasına gəlincə, ötən turdakı avtoqoldan sonra onunla söhbətimiz oldu. Mən bu futbolçuya güvənirəm. O, komanda üçün faydalı oyunçudur. Əgər onu heyətə buraxmasaq, psixoloji durumunun necə olacağını bilmirik. Vitali düşünə bilərdi ki, avtoqol etdiyi üçün kənarda qalıb. Oyuna çıxdı və yenə qol buraxdığımız epizodda səhv etdi. Heyətdən kənarda qalsaydı necə olacağını isə deyə bilmərik. Komanda çox istəkli idi. Bunu matçın əvvəlindən görürdüm. Oyundan qabaq da hiss olunurdu”.