Misli Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Neftçi” yenilənib və heyətində yaxşı keyfiyyətlərə malik futbolçular olan kollektivdir. Oyuna nəzarəti üzərimizə götürmək istəyirdik. Komanda birinci hissədə istədiyimizi meydanda verməyə çalışırdı. Ani konsentrasiya itməsi ilə qollar buraxırıq. Belə davam etsək, uçurumda olacağıq. Komanda şəklində toparlanmalıyıq. Bu barədə komanda ilə daha ətraflı danışacağıq. Futbolçular bəzi epizodlarda futbol bacarığını göstərirlər, amma matçı nəticəyə çıxara bilmirlər. Əvvəlki heyət üç ilin komandası idi. Futbolçular bir-birinə uyğunlaşmışdı. İndiki heyəti də inanıb dəvət etmişik. Fərdi deyil, komanda şəklində daha da yaxşı olmalıyıq. Bəzi mövqelərdə güclənmək vacibdir”.