Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Oyunun çətin keçəcəyini bilirdik. “Sabah” sonuncu yerdə olsa da , heyətində keyfiyyətli futbolçular var. Komanda verilən tapşırığı yerinə yetirməyə maksimum çalışırdı. Futbolçularımı hücumda görmək istəyirəm. Onlar da 90 dəqiqə hücumda oynayır. Uduzmağımıza baxmayaraq, komandadan razı qaldım. Heyətimizdə keyfiyyətli futbolçular çoxdur. Bunu hücumameylli oyunçuların hamısına şamil etmək olar. Bəzən şanssızlıq, bəzən adi stress vəziyyətində hücumu tamamlamağa çətinlik çəkirik. Çoxsaylı epizodlar yaradırıq. Bu da güc tələb edir. Keyfiyyət yerindədir və oyun planında problem görmürəm. Epizodları dəyərləndirməməyin üzərində işləyirik. İnanıram ki, gələcəkdə bunu aradan qaldıracağıq”.