«Komandada istədiyimiz əzmkarlığı görürük»
Xəbərlər / 6 Oktyabr 2019 | 20:47200
«Komandada istədiyimiz əzmkarlığı görürük»

Azərbaycan Premyer Liqasının VII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Bilirdik ki, bizi çətin oyun gözləyir. Həftəlik hazırlığımızı da buna yönəltmişdik. “Neftçi” ilə görüşdən sonra komandanı psixoloji hazırlamaq bir az çətin idi. Bu qarşılaşmada psixoloji baxımdan eniş yaşamadıq. “Zirə” yaxşı komandadır, iddialı rəqibdir. Heyətində yaxşı yerli və legioner futbolçular var.

Komandanın oyunundan razıyıq. Komandada istədiyimiz əzmkarlığı görürük. Oyundan oyuna istədiyimiz keyfiyyəti verir. Heç-heçə oyuna görədir. Həm bizim, həm rəqibin imkanları oldu. Zədəli Rasim Ramaldanov əməliyyat olunmaq üçün ölkə xaricinə gedib. Bundan sonra 4-5 ay futboldan kənarda qalacaq. Onun əzələ bağları qırılıb. Çalışırıq ki, kollektivi formalaşdıraq. Onu layiqində əvəz edə biləcək futbolçularımız var. Davit Volkov meydanda bizim tapşırıqları maksimum yerinə yetirir. Ona iradımız yoxdur. Sadəcə epizodlardan dəyərləndirə bilmir. Düşünürəm ki, qarşıdakı matçlarda bu da qaydasına düşəcək”.