23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında 3-cü yeri tutub. “Qəbələ”nin iki oyunçusu - İbrahim Ramazanov və Mehrac Baxşalının da heyətində olduğu yığma bu gün bürünc medallar uğrunda qarşılaşmaya çıxıb.
Millimiz üçüncülük matçında Əlcəzairlə üz-üzə gəlib. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında daha dəqiq olan Azərbaycan yığması qalib gəlib – 4:3. Bununla da komandamız Konyadakı turniri bürünc medallarla başa vurub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı (0:1), İran (+:-) və Mərakeşlə (2:2) eyni qrupda mübarizə aparan yığmamız 2-ci yerin sahibi kimi yarımfinala adlayıb. Bu mərhələdə Türkiyəyə 0:1 hesabı ilə uduzan komandamız 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb.