Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Qarabağ”ın gücü hamıya bəllidir. Çempionatın vahid lideridir. Ümumi götürsək, komandam meydanda mübarizliyi, xarakteri ilə 90 dəqiqə oyundan qopmadı. Layiqli mübarizə apardıq. Xal qazanmasaq da, dinamika baxımından komandadan razı qaldım. “Qarabağ”a qarşı 10 nəfərlə oynayırsansa və hesab 0:0-dırsa, heç kəs irəli atılmaz. Matçın axırıncı dəqiqələrində isə komanda son gücünü qoydu, təzyiqini etdi. Futbolçular hiss etdi ki, rəqibin üzərinə gedib epizod yaratmaq olar”.
Baxşıyev qırmızı vərəqə və qol epizodlarına da toxunub: “Hər epizodu məsuliyyətlə əlaqələndirməyək. Top uğrunda mübarizədə rəqibə xəsarət yetirdi. Ani epizoddur və İlkinin bilərəkdən belə qayda pozuntusu etdiyinə inanmıram. O, nizam-intizamı qaydasında olan futbolçudur. Komandanı daha çox hücumda görmək istəyirəm. Bəzən yaxşı alınır, qələbə də qazanırıq. Bəzən isə alınmır. İnanıram ki, getdikcə daha məzmunlu futbol görəcəyik. Ramon Maçado “Səbail”lə qarşılaşmadan sonra mikrozədə üzündən yalnız bir məşq etmişdi. Asif Məmmədov da özünü bir az yaxşı hiss etmədiyi üçün start heyətdə digərlərinə şans verdik. İndi heç kəs avrokubokları düşünmür, elementlərin üzərində dayanırıq. Hələ üç dövrə var. Bu komanda iddiadan əl çəkməyəcək. Daha iddialı olmağa çalışacağıq. Qol epizodu ani səhv idi və heç kimlə bağlamazdım. Rəqibin usta futbolçuları bunu dəyərləndirdi”.