«Layiqli qələbə qazandıq»
Xəbərlər / 11 Sentyabr 2021 | 20:48174
«Layiqli qələbə qazandıq»

Azərbaycan Premyer Liqasının III turunun “Sabah” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Öncədən bizi çətin səfər oyununun gözlədiyini bilirdik. “Sabah” yaxşı komandadır. Rəqibimiz heyəti yaxşı keyfiyyətlərə malik yerli və əcnəbi futbolçulardan təşkil olunmuş komandadır. “Sabah” öz oyun dəst-xətti ilə seçilən komandadır. Həftə ərzində belə oyuna hazırlaşmışdıq. Komanda meydançada istədiyimizi nümayiş etdirdi layiqli qələbə qazandıq. Komandaya müdafiəyə çəkilmək tapşırığı verilməmişdi. Rəqib yaxşı hücumameylli futbolçulara malik olduğundan öz zonamızda qarşılamağa məcbur idik. Amma təkcə müdafiəyə çəkilmək fikrində deyildik. İkinci planımız əks-hücumlarla bağlı idi ki, bu da uğurlu alındı. Ötən mövsüm daha çox qol imkanı yaratsaq da, yararlana bilmirdik. Amma indi daha az epizod əldə edir və bunları dəyərləndiririk. Bunu ustalıq səviyyəsi ilə əlaqələndirməzdim. Eyni futbolçulardır. Ötən mövsümdə də heyətimizdə olan Ülvi İsgəndərov indi qollar vurur. Sırf avrokuboklara getməliyik kimi hədəfimiz yoxdur, qarşıdakı oyunu fikirləşirik. İnanıram ki, bu komanda daha artığını etməyə qadirdir. Hər mövqedə lider futbolçularımız var. Onlar oyuna təsir edə biləcək potensialdadırlar. Əlbəttə, güclənməyə də ehtiyac var. Bir hücumameylli futbolçu olsa, məmnun qalardıq. Klub baş məşqçiyə inam verir, öz bacarığını göstərməyə imkan yaradır. Biz də komandaya təzyiq göstərmirik, sadəcə yanaşmasını düzəltmək istəyirik. Bu, hərdən alınır, hərdən yox. Bu komanda inkişafdadır və daha yaxşı ola bilər. Asif Məmmədov bizim üçün önəmli futbolçudur, zədəsi ciddi deyil. Onun meydanda olması üstünlüyümüzdür. Komandamızda onun davamçısı da yetişir. Gələcəkdə Emil Səfərovun üzərində dayanacağıq. Omar Hani hələ 50 faiz hazır deyil. Futbolsuz qalıb, ardınca bizə yeni qoşulub. O, daha yaxşı oyun göstərməyə qadirdir”.