Topaz Premyer Liqasının IX turunda "Qəbələ" səfərdə "Xəzər-Lənkəran"la qarşılaşacaq. Cənub səfəri öncəsi komandamızın baş məşqçisi Ramiz Məmmədov matç barədə fikirlərini açıqlayıb. Mütəxəssis Lənkərana 3 xal dalınca yollanacaqlarını söyləyib:
"Bundan sonra bizim itirəcək heç nəyimiz yoxdur. Çempionatdakı hər oyunda qələbə uğrunda mübarizə aparacağıq. Buna komandanın potensialı da imkan verir. Yığmamızın oyunu ilə əlaqədar yaranan fasilədən lazımınca istifadə etdik. Futbolçuların ümumi fiziki hazırlığına diqqət yönəltdik, texniki-taktiki gedişləri, eləcə də heyətdə olan düzülüşləri bir daha nəzərdən keçirtdik, onları bir az da təkmilləşdirdik. Lənkərana 3 xal dalınca yollanırıq".
Məmmədov onun üçün Azərbaycanda səfər oyunu anlayışının olmadığını vurğulayıb:
"Lənkəran respublikamızın gözəl guşələrindən biridir. Orada çoxlu dostlarımız var. Azərbaycanın hər bir bölgəsi mənə doğmadır. Yəni, mənim üçün Azərbaycanda səfər oyunu yoxdur. Futbolçularıma da bunu öyrədirəm ki, ölkəmizin hüdudları daxilində oynayırıqsa, deməli, bizim üçün səfər matçı anlayışı olmamalıdır. Əgər ilk “altılığ”a düşüb, avrokuboklara vəsiqə qazanarıqsa, qitəmiqyaslı yarışlarda səfər oyunlarımız olacaq".