“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən ənənəvi “Liqa Qəbələ 5” turnirinə yekun vurulub. Yarışda həvəskar futbolçulardan ibarət 12 komanda iki qrupda mübarizə aparıb. İştirakçılar arasında Qəbələnin kəndləri, İsmayıllının iki təmsilçisi, həmçinin Qarabağ müharibəsində şəhid olan Sahil Şirinovla Təbriz Qasımovun adını daşıyan komandalar yer alıb. Qəbələ şəhər stadionunda təşkil olunan turnirin final görüşü də məhz Vətən uğrunda canlarını fəda edən həmyerlilərimizin adını daşıyan komandaların iştirakı ilə keçirilib. Həlledici matçda “Sahil” “Təbriz Qasımov” üzərində 3:2 hesabı ilə qələbə qazanaraq “Qəbələ Liqa 5”in qalibi olub. 3-cü yeri “Vəndam”ı 8:5 hesabı ilə məğlub edən “Günəş Soltannuxa” tutub. Final matçından sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. Çempiona kubok və mükafatları Sahil Şirinovanın anası Şəhla Şirinova, ikinci yeri tutan komandaya medalları Təbriz Qasımovun qardaşı Fariz Qasımov təqdim edib.