Lorenzo Sotomayor Avropa Oyunlarının medalını təmin etdi
Xəbərlər / 23 İyun 2015 | 19:57195
Lorenzo Sotomayor Avropa Oyunlarının medalını təmin etdi

“Qəbələ” İdman Klubunun və Azərbaycanın boksçusu Lorenzo Sotomayor Bakı-2015 Birinci Avropa Oyunlarında növbəti qələbəsini qazanıb. 64 kq çəki dərəcəsində çıxış edən idmançımız ardıcıl 3-cü qələbəsini 1/4 finalda əldə edib. Daniel Nikulesku (Rumıniya) ilə qarşılaşan boksçumuz rəqibini məğlub edib. Sotomayor rumıniyalını hər üç raundda üstələyib - 3:0 (29:28; 29:28; 30:27). Yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edən Sotomayor bu mərhələdə Viktor Petrovu (Ukrayna) sınağa çəkəcək. İyunun 25-də keçiriləcək qarşılaşma saat 14:15-də başlayacaq.
Lorenzo Avropa Oyunlarının 1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi də 3:0 (30:26, 30:26, 30:24), 1/8 finalda moldovalı Dmitri Qalaqotu da 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə məğlub etmişdi.
Xatırladaq ki, Sotomayorun təmin etdiyi mükafata qədər “Qəbələ” idmançıları Avropa Oyunlarında 4 medal qazanıb. Karateçilər Rafael Ağayev qızıl, Niyazi Əliyev bürünc, samboçular Amil Qasımovla Vasif Səfərbəyov gümüş medala sahib çıxıb.