Avropa Taekvondo Birliyinin Almaniyanın Bonn şəhərində təşkil etdiyi, “World Taekwondo Presidents Cup” beynəlxalq turnirinə start verilib. G2 kateqoriyalı yarışda “Qəbələ” İdman Klubunun və böyüklərdən ibarət Azərbaycan yığmasının üzvü Məhəmməd Məmmədov da çıxış edib. Yarışın ilk günündə tatami üzərinə çıxan taekvondoçumuz 63 kq çəki dərəcəsində uğurla çıxış edərək gümüş medala layiq görülüb.
İlk görüşdə ispaniyalı David Losada Escuer, ardınca fransalı Dilan Çellamutu və rusiyalı Bolat İzutdinovu məğlub edən Məhəmməd italiyalı Andrea Cano üzərində qələbə ilə yarımfinala yüksəlib. Xorvatiyalı taekvondoçu Deni Andrun Raziçlə finala vəsiqə uğrunda döyüşdən də qalib ayrılan idmançımız görüşdə daha bir balkanlı ilə üz-üzə gəlib. Bu dəfə xorvatiyalı Lovre Breçiç qalib gəlib.
Beləliklə, yarışı gümüş medalla başa vuran Məmmədov mayda İsveçrənin Montro şəhərində keçiriləcək Avropa çempionatı üçün milli komandamıza əlavə vəsiqə qazandırıb.