Premyer Liqanın XIX turu çərçivəsində baş tutan “Bakı” - “Qəbələ” (0:2) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Nəticə xeyrimizə oldu. 3 xal əldə etdik. Amma komanda mən istədiyim kimi oynamadı. Oyunun ilk 20 dəqiqəsində topu saxlaya bilmirdik. Futbolçular topu görəndə həyəcanlanırdılar. Biz bunu araşdıracağıq. Açığı, vəziyyət məni təəccüblədirdi. Bundan öncə “Qəbələ”də işləyən insanlar barədə danışmaq istəmirəm. Hazırda mənim düşüncələrim klub rəhbərliyinin düşüncələri ilə eynidir. Öz sistemim var. Bunu formalaşdırmaq üçün çalışırıq. Kamran Ağayev barədə danışarkən onu deyim ki, heyətdən gedən oyunçuya hörmətim var. Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, Kamran özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi”.