Premyer Liqanın XXXI turu çərçivəsində baş tutan “Xəzər Lənkəran” - “Qəbələ” (0:1) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Şadam ki, növbəti 3 xalımızı qazandıq. Oyun barədə isə şərh vermək istəmirəm. Çünki mən komandamın oyunundan narazıyam. Mənim üçün qələbə seriyasının fərqi yoxdur. Lənkərandakı oyun dərs oldu. Bu oyun eyni səviyyədə qalıb-qalmamağımızı yoxlamaq üçün bir dərs kimidir. Bəlkə də bəzi futbolçular düşünüb ki, bu rəqibi biz rahatlıqla məğlub edəcəyik. Oyunçularım matça tam hazır deyildilər. Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam. Amma bunun “Xəzər Lənkəran”la oyuna təsadüf edəcəyini düşünmürdüm”.