«Mənimlə bağlı statistikanın bu cür davam etməsini istərdim»
Xəbərlər / 20 Oktyabr 2013 | 20:14247
"Qırmızı-qaralar"ın 2013-2014 mövsümünün startında rənglərinə bağladığı hücumçu Daniyel Subotiç Premyer Liqanın X turu çərçivəsində keçirilən "İnter"-"Qəbələ" matçında yeganə qola imza atmaqla komandasına qələbə qazandırdı. Bu Subotiçin cari mövsümdə vurduğu 3-cü qol kimi yadda qaldı. Fərqləndiyi oyunlarda (AZAL-"Qəbələ" 1:2, "Qəbələ"-"Rəvan" 3:0) komandası qələbə qazanan forvardın bu statistikası son turda da davam etdi. Matçın ardından qarşılaşma barədə fikirlərini gabalafc.az-la bölüşən Subotiç uğurlu statistikanın davam etməsini istədiyini bildirdi: "İnter"ə qarşı yaxşı oynadığımızı düşünürəm. Bu bizim ən gözəl oyunlarımızdan biri idi. 3-cü qoluma imza atdım. Bu mənim üçün sevindirici haldır. Ən əsası odur ki, bu qol komandama qələbə qazandırdı. Düzünü desəm, qol statistikama diqqət yetirməmişdim. Artıq uğurlu statistikanı yadımda saxlayacağam və hər oyunda qol vurmaqla komandamın qələbə qazanmasına calışacağam".
Subotiç uzaq məsafədən vurulan və baxımlı alınan qol barədə düşüncələrini paylaşmağı da unutmadı:
"Gözəl qol alındı. Belə qollar vurmağı sevirəm. Tamamilə düşünülmüş zərbə idi, yəni top təsadüfən çərçivəyə "düşmədi". Qarşımda boşluq var idi və hədəfi açıq görürdüm. Topa qüvvətli zərbə endirdim. Top da "sözümə baxdı" və düşündüyüm traektoriya ilə çərçivəyə daxil oldu".