Məşqçilərimizin Lion səfəri davam edir
Xəbərlər / 14 Mart 2014 | 07:37297
Məşqçilərimizin Lion səfəri davam edir

"Qəbələ" Futbol Akademiyasının məşqçilər heyətinin nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə Fransanın "Lion" klubunun düşərgəsində olması ilə bağlı xəbər vermişdik. Dünən "Qəbələ" təmsilçiləri akademiya, əsas komanda və seleksiya qrupu ilə tanış olub. Daha sonra "Lion" klubunun prezident müşaviri, Fransa futbol tarixinin ən yaxşı futbolçularından hesab olunan Bernar Lyakomb nümayəndə heyətimizi qəbul edib. Görüş zamanı klub rəsmisi səfərin təfərrüatları barədə məlumat alıb və məşqçilərimizə uğurlar arzulayıb. 
Günün davamında təmsilçilərimiz klubun məşq meydançaları və soyunub geyinmə otaqları ilə tanış olublar. Ardından Avropa Liqası çərçivəsində baş tutan "Lion"- "Viktoriya" (Çexiya) matçı öncəsi meydan sahiblərinin son məşqini izləyən nümayəndə heyətimiz "Lion"un baş məşqçisi Remi Qardla görüşüb.  Görüş zamanı Qarda "Arsenal"dan sabiq komanda yoldaşı, hazırda "Qəbələ" İdman Klubunun prezident müşaviri vəzifəsində çalışan Toni Adamsın salamları çatdırılıb. Azərbaycan futbolunun hazırki vəziyyəti ilə bağlı suallar verən baş məşqçi bu barədə ətraflı məlumatlandırılıb. 
Daha sonra nümayəndə heyətimiz "Lion" Futbol Akademiyasının inzibati binası və yataqxanası ilə tanış olub. Təmsilçilərimizə seleksiya qrupunun iş prinsipləri barədə məlumat verilib, "Qəbələ" Futbol Akademiyasının seleksiya qrupunun iş prinsipləri arasındakı bənzər və fərqli cəhətlər müzakirə olunub. 
Günün sonunda nümayəndə heyətimiz akademiya komandalarının məşqlərini izləyib. Ardından isə məşqçilərimiz meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşan "Lion"-"Viktoriya" matçına tamaşa ediblər. 
Növbəti günlərdə akademiya komandalarının məşqləri və oyunları izləniləcək, həmçinin "Lyon" Futbol Akademiyasının direktoru ilə müzakirələr aparılacaq.