Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Araz-Naxçıvan” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 44 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Ağır oyun oldu. Kubok matçları həmişə belə çətin keçir. Bu tsikldə - 3 gündən bir oynamaq futbolçular üçün ağırdır. Amma oyunun dinamikası xoşuma gəldi. Komanda meydanda yaxşı hücumlar qura bildi. Bugünkü oyundan razıyam. Biz də bilirik ki, sıxıntılarımız var".
Baş məşqçi hakimlik haqda da danışıb: "Əfsuslar olsun ki, son oyunlar tendensiya yaranıb ki, hər şey "Qəbələ"yə qarşı olsun. Son matçlardakı qırmızı vərəqələr, qapımıza verilən penaltilər... Bizdən başqa hamı danışır. Amma hələ ki, susmuşuq. Artıq mən danışmalıyam. Görürük ki, meydanda bizə fərqli baxırlar. Rəqibə qarşı yüngül, bizə qarşı sərtdilər. Epizodlar göstərə bilərik ki, hakim fərqli qərarlar verib. İstədiyimiz odur ki, bizə qarşı da ədalətli qərarlar versinlər. Klub səviyyəsində etiraz etməmişik. Amma bu gün o etirazı edirəm. Bizi belə məhv etməsinlər. Biz də 11 nəfərlə oynamaq istəyirik. Hakim qərarlarının bizə qarşı düzəlməsini istəyirik. Son 3 oyunda aldığımız qırmızı vərəqələr doğru qərarlardır. Hər üç epizod qırmızıdır. Amma epizodlar göstərərəm ki, rəqib də cəzalana bilər. Lakin rəqiblərə qarşı yüngüldürlər. Qarşıdakı oyunumuz "Zirə"yə qarşıdır. "Neftçi" ilə matçda 4 futbolçumuzu sarı vərəqə ilə cəzalandırdılar. Mən nə düşünməliyəm? Ümid edirəm ki, hakimlər sarı vərəqələrdə başqa prizmadan yanaşmayıblar. Bizim oyunçuları rahat şəkildə cəzalandırırlar. Ağlıma pis fikirlərin gəlməsini istəmirəm. Amma hakimlərin qərarlarına etiraz edirəm”.