Topaz Premyer Liqasının VI turunun “Zirə” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Futbolçularımız çox peşəkar və səliqəli davrandılar. Hər şey yüksək səviyyədə idi. Onlara irad bildirmək olmaz. Meydanda istədiyimiz oyunu gördük. "Zirə"yə qalib gəlməyimiz gözlənilməz sayılmamalıdır. Kənardan asan qələbə qazandığımız görünə bilər. Bu, o zaman baş verir ki, komanda yaxşı futbol oynayır. Bizim üçün ağır matç oldu. Lakin qüvvəmizi bərabər bölüşə bildik. Rəqibdən çəkinmirdik. İkinci hissədə oyun daha çox xoşuma gəldi. Çünki ilk yarıdakı çatışmazlıqları aradan qaldırdıq. Həmin vaxtkı emosionallığım da bəlkə də bununla bağlı idi. İkinci qolu vurduqdan sonra meydanda sakitlik yarandı. Mən də bunu istəyirdim. Qarşıda bizi UEFA Avropa Liqasının “Mayns”la matçı gözləyir. Bu görüşdə Nika Kvekveskiri oynamayacaq. O, zədəsi ilə əlaqədar 2 həftə heyətdən kənarda qalacaq. Almaniya klubu ilə qarşılaşmada şansımız var. Rəqib çox güclü çempionatda çıxış edir. Onlar Bundesliqada sonuncu yerdə olsalar da, çox güclü liqanın təmsilçiləridir. Biz başa düşürük ki, yaxşı nəticə qazanmaq üçün əla oynamalıyıq”.